Rusiyanın federal televiziya kanallarında Kremlin tezislərini ən aqressiv şəkildə yayan şəxslərdən biri olan aqitator Vladimir Solovyovun Ermənistana qarşı analoji “Maduro əməliyyatı”nın keçirilməsi və onun hərbi yolla yenidən Rusiyanın nəzarətinə qaytarılması barədə açıq təhdidlər səsləndirdiyi bildirilib. Solovyovun açıqlamasına cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfirinə rəsmi nota verib. Ardınca Moldova Prezidenti Maya Sandu çıxış edərək ölkəsinin Rumıniya ilə birləşməsinin tərəfdarı olduğunu və ancaq bu şəkildə təhlükəsizliyini təmin etməyin mümkün olduğunu bildirib. Yəni təhdidlər tamamilə ciddi qəbul edilir.
Bu istiqamətdə Hafta.az-a şərh verən siyasi ekspert Vüqar Dadaşov bildirib ki, proseslər onu göstərir ki, Rusiya da analoji bir siyasi xətt üzrə ənənəvi siyasətini bir norma və yeni model kimi dünyaya qəbul etdirməkdə israrlıdır.

Onun sözlərinə görə, Solovyovun çıxışı bir növ “nəbz yoxlama” kimi dəyərləndirilsə də, əslində mahiyyət etibarı ilə real təhlükə kimi, nəinki Ermənistana, Azərbaycana və ümumilikdə keçmiş sovet respublikalarına qarşı Vladimir Putinin SSRİ-nin bərpası planının icrasına açıq formada keçid mərhələsinin anonsu ola bilər:
“ABŞ-ın Venesuelada “Maduro əməliyyatı”ndan sonra gözlənildiyi kimi, Rusiyanın da analoji istəklərini açıq ortaya qoyacağı məlum idi. Hərçənd, Rusiya “Maduro əməliyyatı”ndan da əvvəl Moldovadan Dnestryanı, Gürcüstandan Abxaziya və Osetiya, Ukraynadan Krımı ilhaq edib və hal-hazırda da Ukraynada işğalçılıq müharibəsini davam etdirir. ABŞ-ın da 50-dən çox müxtəlif ölkədə çevriliş etdiyini və dövlət başçılarına qarşı əməliyyat keçirdiyi yaxın dövr tarixidir. Yəni söhbət artıq ayrı-ayrı dövlətlərin qlobal güclər tərəfindən işğalından yox, sistemli qlobal modelin tətbiqindən gedir.
Rusiyanın açıq təhdidləri Trampın Venesuela əməliyyatından sonra Qrenlandiya istəkləri fonunda daha təhlükəli görünür. Yeri gəlmişkən, heç bir qlobal gücün digər dövlətə təhlükəsizlik zəmanəti həmin dövləti işğaldan, ilhaqdan qorumur, əksinə, onu asan yemə çevirir.
1994-cü ildə Ukraynanın nüvə silahından imtina müqabilində ona ABŞ, Böyük Britaniya və Rusiya tərəfindən verilən təhlükəsizlik zəmanəti elə Rusiyanın özü tərəfindən pozuldu, əraziləri 2014-cü ildən başlayaraq işğal edilir. ABŞ-ın Danimarkaya 1951-ci ildə Qrenlandiyanın təhlükəsizliyinə verdiyi zəmanəti elə ABŞ-ın özü tərəfindən pozulur, Qrenlandiya nəticə etibarı ilə işğal edilir”.
V.Dadaşov bildirib ki, Rusiyanın Ermənistana hərbi müdaxiləsi, Paşinyanın devrilməsi planlarının reallığına şübhə yoxdur. Ekspertin qənaətinə görə, bu variant 2018-ci ildən son variant kimi masada durub:
“Rusiya üçün Ermənistanda hərbi əməliyyat onun nəinki Ermənistanda, ümumilikdə regionda və geosiyasi maraqlarının təmininə imkan verə biləcək əhəmiyyətə malikdir. Xüsusən də Rusiya üçün Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq, ABŞ-ın Zəngəzurda TRIPP layihəsinə mane olmaq və layihəyə nəzarəti əldə etmək üçün Paşinyan hakimiyyətinin devrilməsi optimal variant hesab edilir. Bununla Rusiya bütünlüklə Cənubi Qafqazda mövcudluğunu və region ölkələrinə uzun müddətə təsirini bərpa etmək imkanı qazana bilər. Rusiya dəfələrlə 2020-ci il 10 noyabr Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının qüvvədə olduğu barədə açıqlama yayıb.
Həmçinin Moskvanın Ermənistana qarşı mümkün əməliyyatdan sonra Rusiyanın keçmiş sovet respublikalarına, eləcə də Orta Asiya dövlətlərinə psixoloji və siyasi, hərbi təsir imkanlarını gücləndirə bilər. Demək, Solovyovun dedikləri emosional ritorika deyil, Kremlin siyasi-hərbi fəaliyyət planının anonsudur”.
Prosesin Azərbaycana təsirlərinə gəldikdə isə V. Dadaşov ölkəmizin Cənubi Qafqazda real suveren qərarvermə imkanına malik olmasına diqqət çəkib:
“2020-ci ildən sonra beynəlxalq nizama əhəmiyyətli təsir göstərən yeni regional reallıqlar sübut etdi ki, Azərbaycan nə təhlükəsizlik zəmanətlərinə, nə də xarici hərbi himayəyə arxalanmadan, öz milli maraqlarını hərbi-siyasi güc, balanslaşdırılmış diplomatiya və regional layihələr üzərindən qurulan təsir mexanizmləri hesabına təmin edə bilən nadir post-sovet dövlətidir. Məhz bu amil Rusiyanın Cənubi Qafqazda atacağı istənilən addımda Azərbaycan faktorunu əsas məhdudlaşdırıcı və çəkindirici elementə çevirir və hesablaşmağı zəruri edir”.
Tahirə Qafarlı